Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşüb.
Nazir bu barədə “Twitter” hesabında yazıb.
O qeyd edib ki, görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, dekarbonizasiya, enerji keçidi, bərpaolunan enerji, enerji effektivliyi və yaşıl enerji texnologiyaları kimi sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun energetika sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanlar açdığı vurğulanıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması istiqamətində görülən işlər haqqında məlumat verilib, bərpa olunan enerji, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihələrinə və Azərbaycan-Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsinə dəstək imkanlarının, bununla yanaşı Azərbaycandan Avropaya hidrogen ixracı potensialının araşdırılması kimi bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumdan irəli gələn əməkdaşlıq istiqamətlərinin reallaşdırılması üzrə Yol Xəritəsinin hazırlanması və qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin Azərbaycan-Aİ enerji dialoqu mexanizmi çərçivəsində davam etdirilməsi razılaşdırılıb.