2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ABŞ-nin Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı 2025-ci ilin ilk yarısındakı 9,8%-dən 6,2%-ə düşüb.
Əks istiqamətdə azalma daha yüksək olub. Azərbaycandan ABŞ-yə pul köçürmələri illik müqayisədə 25,2% azalaraq $40 milyondan $29,9 milyona düşüb. ABŞ-nin xaricə göndərilən ümumi pul baratlarındakı payı isə 16,8%-dən 14,4%-ə geriləyib.
Nəticədə ABŞ ilə pul baratları üzrə xalis daxilolma $16,6 milyon təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici $12,1 milyon idi. Beləliklə, xalis daxilolma illik müqayisədə 37,6% artıb.
Məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.







