“Çin Xalq Respublikasının sədri Si Cinpin Tayvanı nəzarətə götürməkdə qərarlıdır, lakin hərəkətə keçməzdən əvvəl Rusiyanın Ukraynadakı müharibəsindən dərslər öyrənir”.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin (CIA) direktoru Uilyam Börns Təhlükəsizlik Forumunda deyib.
“On illər keçdikcə bunun riskləri, bizə elə gəlir ki, daha da artır. Si Cinpinin Çinin Tayvan üzərində nəzarəti təmin etmək əzmini gözardı etməzdim”, – o əlavə edib.
Onun sözlərinə görə, Çin Ukraynada baş verənlərdən sonra o nəticəyə gəlib ki, əzici qüvvə ilə tez, qəti qələbələr əldə etmək mümkünsüzdür.
“Güman edirəm ki, Çin rəhbərliyinin və ordusunun çıxardığı dərs odur ki, əgər gələcəkdə bunu düşünmək istəsəniz, böyük güc toplamalısınız. Çin həm də yəqin ki, informasiya məkanına nəzarət etməli və iqtisadiyyatını sanksiyalar potensialına qarşı gücləndirmək üçün əlindən gələni etməli olduğunu öyrənib”, – MKİ direktoru qeyd edib.
Börns Çinin Rusiyaya hərbi dəstək verib-verməməsi ilə bağlı bildirib ki, ABŞ Pekinin ritorik ifadələrinə baxmayaraq, Rusiyaya hərbi dəstək təklif etdiyinə inanmır.
Onun sözlərinə görə, Çin Rusiyadan enerji alışını artırıb, lakin Qərbin sanksiyalarına məruz qalmamaq üçün ehtiyatlı davranır.