Vergi ödəyicisi olmayan təsisçi 2018-2020-ci illərdə müəssisənin bank hesabına borc müqavilələri əsasında 300.000 manat vəsait köçürmüş, müəssisə 2021-2022-ci illərdə həmin borcu nağdsız qaydada tam qaytarmışdır. Təsisçiyə qaytarılmış faizsiz məbləğdən vergi tutulmalıdırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri