Bakının Yasamal rayonu, Ü.Əkbərov küçəsi 90 ünvanında fəaliyyət göstərən, İsmayılova Günay Arif qızına məxsus süd məhsullarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan qatıq, şor və dovğa məhsullarının etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib.
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.