Azərbaycanda monetar şərait əhəmiyyətli dəyişməyib. İlin sonuna doğru onun monetar və fiskal siyasətlərin təsiri altında formalaşacağı gözlənilir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, inflyasiyanın başlıca azaldıcı monetar amili olan manatın nominal effektiv məzənnəsi 6 ayda 1.9% möhkəmlənib. İyulda bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir edəcək.
2022-ci ilin ötən dövründə dövlət büdcəsinin profisiti nəticəsində vahid xəzinə hesabının artımı və Mərkəzi Bankın sterilizasiya əməliyyatları manatla pul bazasının artımına məhdudlaşdırıcı təsir edib. İlin qalan dövründə xəzinə hesabından xərcləmələrin pul təklifinə artırıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Pul təklifinin inflyasiya yarada biləcək hissəsinin tənzimlənməsi məqsədilə Mərkəzi Bank sterilizasiya əməliyyatlarını genişləndirməyi nəzərdə tutulur.
İllik inflyasiyanın yüksəlməsinə baxmayaraq risksiz pul bazarı alətləri, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində artımlar müşahidə olunmur.
Real faiz dərəcələri azalmaya meyl etsə də, manatla yığımlar cəlbedici olaraq qalır. Belə ki, ev təsərrüfatlarının manatla müddətli əmanətləri ilin əvvəlindən 12.7%, son 1 ildə isə 31.3% artıb.
Maliyyə sektorunda de-dollarlaşma meyilləri davam edir. Qeyri-rezidentlərin əmanətləri istisna olmaqla fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlindən 3 faiz bəndi azalıb və iyunun yekunu üzrə 37.5% təşkil edib. Kreditlərin dollarlaşması ilin əvvəlindən 2.8 faiz bəndi azalaraq iyunda 23%-ə enib.
2022-ci ilin iyun ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları ilin əvvəlinə nəzərən 9.9%, ötən ilin eyni ayına nəzərən isə 23.3% artıb.
Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması üzrə işlər yekunlaşma mərhələsinə daxil olub. Bu işlər bir neçə istiqamətdə aparılır. Banklararası pul bazarının aktivləşməsi məqsədilə əməliyyat platformasının təkmilləşdirilməsi və istinad faizi indekslərinin hesablanması metodologiyasının formalaşdırılması nəzərdə tutulur. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi istiqamətində daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətlərinin işə salınması və açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidinin genişləndirilməsi planlaşdırılır. Məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması həm banklararası bazarda tələbin canlandırılması, həm də pul təklifi üzərində nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə bir sıra makroprudensial qərarlar qəbul edilib. Bunlara əsasən aktivlərin təsnifləşdirilməsi və kredit riskləri ilə bağlı yeni qaydaların tətbiqi aiddir. Son makroprudensial qərarlar həm maliyyə sabitliyinin qorunması baxımından vacibdir, həm də məcmu tələbi azaltmaq potensialı yaradır.