Qəbələnin Qəmərvan kəndində Nuralıyev Nuru Nəsrullah oğluna məxsus “Şəlalə” restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı müəyyən edilib.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, müəssisənin gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində texnoloji ardıcıllıq və mal qonşuluğu prinsiplərinə riayət edilmədiyi, məişət tullantıları üçün hermetik zibil qablarının quraşdırılmadığı, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar olunub.
AQTA-dan bildirilir ki, müəyyən olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.