Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır. Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.
⠀
Banker.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin yaydığı rəsmi məlumatda
şirkət vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.
⠀
Bildirilir ki, AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında, eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.
⠀
Həmçinin qeyd olunur ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur. AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.
⠀
Şirkət qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımadığını bəyan edib.
⠀
Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edilir.