Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olundu.
Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirildi.
Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.
Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər.
Prezident İlham Əliyev xatirə gecəsində çıxış etdi.
Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir. Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub.