Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.
Banker.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Vladimirovka kəndində 780, Xınalıq kəndində isə 537 ev təsərrüfatı yüksək sürətli internetlə tam əhatə edilib.
Bundan əlavə, Quba şəhəri ərazisində 1700 abunəlik şəbəkə tikilib. Hazırda 600 abunəçi internet xidmətindən istifadə edir.
Qəçrəş kəndində aparılan tikinti işlərinin isə yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur. Həmin paketlər aşağıdakı kimidir:
- internet
- internet+telefoniya
- internet+televiziya
- internet+telefoniya+televiziya paketi (3-ü birində)
Xidmət haqqı seçilmiş tarifdən və müştəri tələbatından asılı olaraq 20 AZN-dən 45 AZN-dək dəyişir.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom” MMC-nin 170 qaynar xəttinə zəng edə, region üzrə Telekommunikasiya qovşağına (Şimal-Şərq Regional Filialının Quba Şöbəsi – ünvan: Quba şəhəri, Fətəli xan küçəsi 57 A, əlaqə nöm.:511-64; 512-069), həmçinin https://aztelekom.az/ saytı vasitəsilə müraciət edə bilərlər.