6 C
Baku
Sunday, December 15, 2024

Xəzərin ən böyük barjı əsaslı təmir olunaraq BP şirkətinə icarəyə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjı “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunaraq BP şirkətinə icarəyə verilib.

Bu barədə ASCO-dan məlumat verilib.

Məlumata görə, bu barjla dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq blokları daşınır. Onun təmiri çərçivəsində baş mühərriklər, nasoslar, kompressorlar, buraxıcı hava balonları, boru sistemləri, göyərtədə yerləşən mexanizm və avadanlıqlar, dib-yan armaturları, protektor qurğuları təmir olunub, köməkçi mühərriklər sazlanıb. Gəminin generatorları, işıqlandırma sistemləri, elektrik avadanlıqları, və idarəetmə sistemlərində də təmir işləri aparılıb.

“STB-1”-in sağ və sol göyərtəsində yerləşən qoruyucu tirlərin müəyyən hissələri isə modifikasiya olunub.

Bundan başqa, təmir çərçivəsində zəncir qutuları, lövbər zəncirləri, gəminin sualtı, suüstü hissəsi, ballast çənləri, yük göyərtəsi, maşın şöbəsi və mexanizmlər təmizlənərək rənglənib. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda da zəruri işlər yerinə yetirilib.

Təmirdən yeni çıxan barj Azəri-Mərkəzi-Şərqi layihəsində istismar olunması üçün BP şirkətinə icarəyə verilib. Onun uzunluğu 163, eni 45 metr, göyərtəyə yük götürmə qabiliyyəti 18 000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər