“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1 maddəsində qeyd olunur ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı ödənişlər nağd qaydada edilə bilər. Bəs kənd təsərrüfatı məhsulu istehsalçısı olmayan fiziki şəxslərdən kənd təsərrüfatı malı nağd ödənişlə alına bilərmi?
Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər. Bununla yanaşı, həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qeyd olunanlara əsasən, kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.