Bu ilin sentyabr ayında Azərbaycanın avtomobil bazarında avqust ayı ilə müqayisədə bir qədər durğunluq müşahidə edilib.
Bunu “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyib.
Onun sözlərinə görə, bu cür vəziyyət hər il sentyabr ayı gələndə yaranır: “Bunun səbəbi dərs ilinin başlaması və tətildən dönən şəxslərin dərsə və işə daha çox diqqət ayırmasıdır. Oktyabr ayının ortalarından sonra bazarda canlanmanı hiss edəcəyik. Söhbət əsasən yeni avtomobillərdən gedir. 2-ci əl avtomobil bazarı isə son aylar çox qeyri-müəyyən formadadır. Çünki ucuz qiymətə avtomobil almaq istəyən şəxslər daim gözləmə mövqeyində olurlar. İndiki halda isə bu şəxslərin avtomobil alması çox ləngiyəcək. Vətəndaşlar son zamanlar dövlət tərəfindən avtomobil sektorunda görülən işləri və nəzərdə tutulan planları izlədikləri üçün daha əlverişli şərtlər gözləyirlər. Söhbət Azərbaycan Mərkəzi Bankının hibrid və elektrikli avtomobillərin kreditlə alqı-satqısına tətbiq etdiyi ilkin ödənişin 10% olması kimi güzəştli şərtlərdən gedir. Vətəndaş az ilkin ödənişlə yeni avtomobil ala biləcəyini görüb köhnə avtomobil almaq fikrindən daşınır. Amma hələ ki, hibrid və elektromobillərin qiymətləri aşağı büdcəli vətəndaşlarımıza əlverişli deyil. Müşahidə etdiyim müsbət hal odur ki, rəsmi dilerlər daha aşağı qiymətə olan, yəni büdcə avtomobillərinin axtarışına çıxıblar. Onlar alıcılar üçün hibrid və elektrik mühərrikli, amma büdcə avtomobili gətirmək fikrindədirlər. 2-ci əl böyük mühərrikli almaq istəyənlər də artıq almırlar. Benzinin bahalaşmasından sonra böyük mühərrikli avtomobillərin satışı xeyli azalıb”.
Ekspertin sözlərinə görə, hazırda populyarlıq və tələb baxımından Almaniya, Yaponiya, Çin və Cənubi Koreya avtomobilləri öndə gedir: “Elə 2-ci əl bazarda da Yaponiya və Koreya avtomobilləri irəlidədir. Alman avtomobilləri də illəri köhnə olsa belə, gündəmdədir. Aşağı büdcəli avtomobil seçən şəxslər əsasən ekonom, ehtiyyat hissələri ucuz olan və rahat tapılan avtomobillərə üstünlük verirlər. Orta təbəqədən olan insanlar əsasən krossoverlərə üz tutur. Biz bunu əsasən Çin maşınlarının alışında görürük. Yuxarı təbəədən insanlar isə Alnaniya, Yaponiya, bəzən isə Koreya istehsalı olan avtomobilləri seçir.
Bir ara bazara Amerikadan avtomobillər gətirilirdi. Bu avtomobillər özünü doğrultmadı və vətəndaşlar bunlardan zərər çəkdilər. Amerikada suyun altında qalmış avtomobillərin elektrik sistemlərində problemlər yarandı. Nəticədə vətəndaşlarımız bu avtomobillərdən uzaqlaşmağa başladı. Düşünürəm ki, bu avtomobilləri almaq məsləhət deyil. Hazırda Amerikada avtomobilə tələbat çox yüksəkdir və oradakı avtmobillərin yürüşü çox böyük olur, bu cür də Azərbaycana gəlir”.
“Hazırda bazarda qiymətlər stabildir. Qiymətlərin tez-tez artımı adətən daşınma xərcləri artanda olur. Hətta bəzi yeni avtomobil salonlarında endiimlər olub. Pandemiyadan sonrakı dövrdə zavodlar rəsmi dilerləri avtomobillə təmin edə bilmir. Bəzən tələb olsa da təklif olmur. Bu, əsasən Yaponiya, Almaniya istehsalı olan avtomobillərə aiddir, – E.Əliyev fikrini tamamlayıb.