10 C
Baku
Wednesday, December 11, 2024

Bir də rus qazı Avropanı nə zaman “isindirər”?

Beynəlxalq aləmdə “Şimal axını” boru xəttini kim partladıb” sualı aktual olaraq qalır. Əgər boru xətlərindən birində qəza olsaydı bunu təsadüf kimi qiymətləndirmək olardı. Ancaq qəza hər iki – “şimal axını – 1” və “şimal axını – 2” boru xəttində eyni zamanda baş verib. Deməli söhbət partlayışın qəsdən təşkil olunmasından gedir.

Rusiya Qərbi və əsasən ABŞ-ı, Vaşinqton və onun Avropadakı tərəfdaşları isə Kremli ittiham edirlər. Rusiya Avropaya qaz nəqlini partlayışdan əvvəl azaltmışdı. Kreml Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kreml də buna cavab olaraq Avropanı qazsız qoyub. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağı planlaşdırır və “Sibirin gücü -2” boru xəttinin tikintisini planlaşdırır. Odur ki, Qərb ölkələrində belə bir inam var ki, boru xətlərinin partlayışını Rusiya təşkil edib.

Kremlin məntiqi…

Kremlin isə məntiqi belədir ki, boru xəttinin partladılması Rusiyanın maraqlarına cavab vermir. Kremlin məntiqini Pekin də dəstəkləyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi “şimal axını” boru xətlərinin partlayışlarının arxasında Amerikanın ola biləcəyini deyib. Çinli diplomat bu zaman ABŞ prezidenti Co Baydenin vaxtilə dediyi “şimal axını boru xəttiylə qurtarmaq lazımdır” cümləsinə istinad edib. Bayden bunu Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk günləri zamanı demişdi.

Bu arada, bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “pandorra qutusunun” açılmasına şərait yaradıb. Həmin çinli ekspertlərin fikrincə, “şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı bu hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq. Deməli, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar (aşkarlanan kütləvi məzarlıqlar bundan xəbər verir) terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktı imiş və hərbi etikaya uyğun deyilmiş. Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər. Elə hazırda hakimiyyətdə olan Çin Kommunist partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr.

“Şimal axını” boru xətləri ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Çünki Vaşinqton hesab edir ki, Rusiya bu boru xətləri vasitəsilə Avropaya qaz nəqlini artıracaq və Avropa dövlətləri Rusiyadan daha çox asılı vəziyyətə düşəcəkdilər. Ancaq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Amerikanın müdaxiləsi olmadan da “şimal axını” boru xətlərinin fəaliyyətini dayandırıb” – deyə, bunu Atlas araşdırmalar mərkəzinin direktoru Elxan Şahinoğlu bildirir.

O deyir ki, Avropa bu qış Rusiya qazı olmadan qızınmağa çalışacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibədən imtina etməyənə qədər Avropaya qaz nəqli mümkün olmayacaq.

“Rusiya prezidenti Vladimir Putinin isə ordusuna Ukrayna torpaqlarını tərk etməsi barədə əmr verəcəyi ehtimalı azdır. Rusiyada hakimiyyətə başqa şəxs gəlib müharibəni dayandırmalıdır ki, “şimal axını” boru xətləri işə düşsün”.

Son xəbərlər
Digər xəbərlər