11 C
Baku
Monday, November 25, 2024

Yol polisi avtomobili saxlayanda sürücüdən maşından çıxmağı tələb edə bilərmi?

Son dövrlər sosial şəbəkələrdə yayılan görüntülərdə DYP əməkdaşları sürücüdən avtomaşından düşməyi tələb edir, sürücülər isə tabe olmaqdan imtina edir. Kifayət qədər gərgin və xoşagəlməz durum yaranır.

“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (burda DYP əməkdaşı nəzərdə tutulur) əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra sürücü bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır.

Yəni yol polis əməkdaşının sürücüdən avtomaşından düşməsini tələb etmək hüququ vardır və bu zaman sürücünün bu tələbə əməl etməsi bir vəzifədir.

“Yol-patrul xidməti haqqında Təlimat”a əsasən (maddə13.6.) YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

13.6.1. nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;

13.6.2. sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsas olduğu halda;

13.6.3. nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

13.6.4. nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;

13.6.5. sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;

13.6.6. yol hərəkətinin digər iştirakçılarına yardım göstərilməsinə köməkliyin tələb edildiyi və ya müvafiq sənədləşmənin aparıldığı hallarda.

Sürücülərə tövsiyəm odur ki, belə durum yarandıqda gərginlik yaratmadan yol polis əməkdaşının tələbinə tabe olub maşından düşsünlər və sonradan narazı qaldığı halda yuxarı vəzifəli şəxsə bununla bağlı şikayət etsinlər.

Yuxarıda göstərilən Təlimatın 13.3. maddəsinə əsasən, vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları təmkinli olmalı, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.

Cavad Cavadov

Vəkillər Kollegiyasının üzvü

Son xəbərlər
Digər xəbərlər