İspaniyanın “Inditex” mağazalar şəbəkəsi sahib olduğu “Zara”nı Rusiyada saxlamağın yolunu tapıb. Məlumata görə, mağazalar fərqli “Yeni dəb” (“New fashion”) adı ilə fəaliyyət göstərməyə davam edəcək. Ümumilikdə, ölkədə dörd mağaza açılacaq. Şayiələrə görə, yeni “Zara”ya livanlı sahibkar rəhbərlik edəcək.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Inditex” (“Zara”, “Massimo Dutti”, “Pull&Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” və digər brendlərin sahibi) Rusiyadakı aktivlərini Livanın “Azadea” şirkətlər qrupuna satmağı planlaşdırır. Qeyd edək ki, “Azadea” artıq BƏƏ, Əlcəzair, Misir, Oman, Qətər, İordaniya, Bəhreyn, Küveyt və Livanda adıçəkilən mağazaların françayzinqlərini idarə edir. O, həmçinin Amerikanın “Gap” və “Urban Outfitters”, İtaliyanın “Tezenis”, o cümlədən “Adidas”, “Reebok” və “Decathlon” idman brendlərinin françayzidir.
Martın 5-də “Inditex” Rusiyada 9000-dən çox əməkdaşın işlədiyi 502 mağazanı və onlayn platformanı müvəqqəti bağlayıb. İspaniyanın “Modaes” nəşrinin məlumatına görə, fevralın 24-dək Rusiya bazarı “Inditex” üçün ən böyük bazarı olub: o, şirkətin qlobal mənfəətinin 8.5%-ni təşkil edib.