Gürcüstan hökuməti növbəti üç ildə ölkənin elektrik enerjisi sektoruna 3 milyard ABŞ dolları məbləğində investisiya cəlb etmək niyyətindədir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
O, ölkənin elektrik enerji sistemi üzrə yeni sxemin hazırlandığını və investisiyaların da bu sxem üzrə cəlb olunacağını bildirib.
Baş nazir deyib ki, enerji layihələrinə hökumətin dəstəyi elektrik stansiyalarının istifadəyə verildiyi ildən sonra 15 il müddətinə qüvvədə olacaq.
Bu qiymətlərin də tənzimlənməsində mühüm rol oynayacaq və investora 15 il müddətində qiymətlərlə bağlı təminat verəcək. Hökumət yalnız ümumi istehsal gücü 1500 MVt olan elektrik stansiyalarının tikintisi layihələrinə dəstək verəcək. Lakin bu dəstək, təqribən 800 MVt gücü olan “Namaxvani”, “Nenskra” və “Xudoni” kimi kiçik SES-lərə şamil edilməyəcək.