Pakistan Rusiyadan 30 min ton taxıl idxal edəcək.
Bu barədə Pakistan hökumətinin bəyanatında bildirilib.
Qeyd olunub ki, razılaşma Pakistanın İqtisadi Əməkdaşlıq Komitəsi tərəfindən təsdiq edilib. Məlumata görə, güclü daşqınlar səbəbi ilə daxili ərzaq tədarükü çətin vəziyyətdə qalan Pakistan taxılı Rusiyanın dövlətə məxsus müəssisələrindən birindən idxal edəcək.
Xatırladaq ki, bu ilin əvvəlində Pakistanda baş vermiş güclü daşqınlar nəticəsində azı 1100 nəfər həlak olub. Pakistan Baş nazirinin “ölkə tarixində ən pis daşqın” adlandırdığı təbii fəlakətin zərərlərinin 33 milyon nəfəri əhatə etdiyi açıqlanıb.
Hadisə üzündən milyonlarla hektar əkin ərazisi su altında qalıb, yüz minlərlə ev heyvanı tələf olub, nəticədə ölkənin daxili qida tədarükü ağır vəziyyətlə qarşılaşıb.