14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda təhsil və elmin maliyyələşdirilməsinin mərhələli artırılması təklif olunur

Azərbaycanda 2013-cü ildə hazırlanan Təhsilin İnkişafı haqqında Dövlət Strategiyasının yenidən 2023-2030-cu illər üzrə işlənilməsi təklif edilib.

Bu təkliflə deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, yeni strategiya çərçivəsində təhsilə dövlət tərəfindən ayrılan vəsaitin indiki ÜDM-nin 4 %-dən 6 %-ə qaldırılması üçün mərhələli şəkildə işlər aparılmalıdır.

“Bu addımla təhsil sektorunda çalışanların həm əməkhaqqı orta əməkhaqqının üzərinə çıxarılacaq, həm də təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində güclü addımlar atmaq mümkün olacaq”, – Ə. Məsimli bildirib.

O, hesab edir ki, elmin maliyyələşməsi, inkişafı ilə hər bir ölkənin inkişafı arasında qarşılıqlı asılılıq var: “İnkişaf etmiş ölkələrin əksəriyyətində elmə ayrılan vəsait adambaşına 700 ABŞ dollarından, ABŞ, Yaponiya və İsraildə bu göstərici 1 500 ABŞ dollarından çoxdur, Azərbaycanda isə bu rəqəm 20 ABŞ dollarından da aşağıdır. Belə bir səviyyədə elmin inkişafından danışmaq olmaz. Bu istiqamətdə də xüsusi proqram hazırlanmalı və elmə dövlət tərəfindən ayrılan vəsaitin islahatlar konteksində ÜDM-nin 0.2 %-dən mərhələlərlə 2 %-ə qaldırılması istiqamətində təcili tədbirlər görülməlidir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər