Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlili üçün süni intellekt modelinin tətbiqi nəzərdə tutulur.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqrama əsasən, 2027–2030-cu illərdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) nəzarət və tənzimləmə fəaliyyətinin səmərəliliyinin artırılması, həmçinin sahibkarların və istehlakçıların maarifləndirilməsi məqsədilə süni intellektə əsaslanan təhlil və proqramlaşdırma üsullarının tətbiqi planlaşdırılır.
Bu çərçivədə aidiyyəti dövlət qurumları ilə birlikdə süni intellekt və təhlil üçün tələb olunan proqram təminatları və alətlər üzrə araşdırmalar aparılacaq. Daha sonra qida təhlükəsizliyi ilə bağlı risklərin və potensial problemlərin təhlilinə imkan verən süni intellekt modeli hazırlanacaq.
Dövlət Proqramının yekun nəticə indikatoruna əsasən, həmin modelin praktik tətbiqinə başlanılması nəzərdə tutulur.
Tədbirin əsas icraçısı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, digər icraçı qurumlar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyidir.







