“Əmək və sosial siyasət komitəsi tərəfindən yaşayış minimumunun və ehtiyac meyarının 246 manata qaldırılması ilə əlaqədar olaraq minimum məbləğdə pensiya alanların sosial rifahının qorunması məqsədi ilə pensiyaların minimum məbləğinin də artırılmasının nəzərdə tutulması təklif edilir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığının daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətin dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin bir sıra təklifləri var:
Bunlar aşağıdakılardır:
– DSMF-nin sərbəst vəsaitlərinin idarə olunan kapitala çevrilməsi, fondun maliyyə imkanlarının genişləndirilməsi məqsədilə müxtəlif investisiya layihələrində iştirakının təmin edilməsi üçün müvafiq normativ-hüquqi bazanın yaradılması;
– Şəhid ailəsi üzvlərinin və qazilərin ölkə daxilindəki bütün sanator-kurort müəssisələrində bərpa-müalicə keçməsinin təmin edilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqı Komitəsi ilə işgüzar əlaqələrin daha da genişləndirilməsi;
– Üç və daha çox uşaq böyütmüş anaların pensiya təminatı hüququnun əldə edilməsi şərtlərinin yumşaldılması;
– Dövlət büdcəsi ilə yanaşı DSMF və İşsizlikdən Sığorta Fondunun büdcəsinin icrası barədə hesabatın Qanunla təsdiq olunması və Milli Məclisə təqdim edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi.