Qlobal resessiya 2024-cü ilin yazına qədər davam edə bilər, bu proqnozu amerikalı iş adamı İlon Mask verib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“Vay-vay, koronavirus üzrə rəqəmlər həqiqətən olduqca aşağıdır. Düşünürəm ki, hazırda bizi narahat edən yeganə şey gözlənilən qlobal tənəzzül və nüvə apokalipsisidir”, – deyə “Dogecoin” kriptovalyutasının yaradıcısı Billi Markus yazıb.
Mask buna cavab olaraq qeyd edib ki, həqiqətən də “dəhşətli qlobal hadisə olmadan ən azı bir il yaşamaq gözəl olardı”. Markus sahibkardan tənəzzülün nə qədər davam edəcəyini soruşub.
“Ehtimal edə bilərəm ki, 2024-cü ilin yazına kimi”, – deyə Mask cavab verib.
Ötən həftə Beynəlxalq Valyuta Fondu gələn il qlobal iqtisadi artım proqnozunu iyulda gözlənilən 2.9%-dən 2.7%-ə endirib. BVF-nin baş iqtisadçısı Pyer-Olivye Qurinşin qeyd etdiyi kimi, qlobal iqtisadiyyat ciddi problemlərlə üzləşməkdə davam edir və üç “güclü amilin” təsiri altındadır: Ukraynadakı hərbi əməliyyatlar, artan inflyasiya səbəbindən “yaşayış böhranı” və Çində iqtisadi fəallığın azalması.
Onun sözlərinə görə, bunun fonunda bu və ya gələn il dünya iqtisadiyyatının üçdə birindən çoxunda daralma gözlənilə bilər və üç ən böyük iqtisadiyyatda – ABŞ, Avropa İttifaqı və Çində durğunluq davam edəcək. “Başqa sözlə, ən pisi hələ qarşıdadır və bir çox insanlar üçün 2023-cü ildə vəziyyət tənəzzül kimi qəbul ediləcək”, – iqtisadçı vurğulayıb.