“Geoloji Kəşfiyyat Agentliyi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.
Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində geoloji tədqiqatları təşkil etmək, yer təkinin öyrənilməsi ilə əlaqədar işləri həyata keçirmək və müvafiq xəritələrin tərtib edilməsində iştirak etmək;
faydalı qazıntı yataqlarının, o cümlədən yeraltı su ehtiyatlarının axtarışı, qiymətləndirilməsi və kəşfiyyatını təşkil etmək;
sənaye və mülki tikinti obyektlərinin ərazisində mühəndisgeoloji və geo-ekoloji öyrənilmə istiqamətində işləri təşkil etmək;
müvafiq sahədə müşahidə və qiymətləndirilmələrin aparılmasını təşkil etmək və faydalı qazıntı ehtiyatlarının müəyyən edilməsində iştirak etmək;
müvafiq sahənin inkişafını təmin etmək;
bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Agentliyin İdarə Heyətinin tərkibi 3 üzvdən – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyəti sədrindən və onun 2 müavinindən ibarətdir. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə İdarə Heyəti sədrinin müavinlərindən biri icra edir.
Agentliyin nizamnamə fondu 1 milyon 223 min 88 manatdır.