Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 noyabr 2022-ci il tarixlərində Latviyanın Riqa şəhərində Avropa İttifaqı Şərq tərəfdaşlığı üzrə Ali Audit Qurumlarının (AAQ) Forumunda iştirak ediblər.
Hesablama Palatasından verilən məlumata görə, səfərin ilk günü Forumda iştirak edən nümayəndə heyəti rəhbərlərinin Latviya Respublikasının Prezidenti cənab Egils Levits ilə “Cəmiyyətin Ali Audit Qurumundan gözləntisi nədir?” mövzusu ətrafında görüşü təşkil edilib.
Sonra Forum çərçivəsində Hesablama Palatası əməkdaşlarının audit tövsiyələrinin icrasına nəzarət, auditin keyfiyyətinə nəzarətin praktiki aspektləri, risk əsaslı yanaşmadan istifadə edilməklə audit olunan sahələrin strateji qiymətləndirilməsi və s. kimi bir sıra aktual mövzular ətrafında müzakirələr fonunda Latviya AAQ-ının təcrübəsinin öyrənilməsi məqsədi ilə qurumlar arasında ikitərəfli görüş təşkil edilib.
Görüşdə Latviya Dövlət Audit Ofisinin rəhbəri cənab Roland İrklis aktual mövzular üzrə təqdimatlar edib. Təqdimatlardan sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib. Hər iki qurum arasında audit sahəsində fikir və təcrübə mübadiləsi aparılıb, yaxın əməkdaşlıq münasibətləri fonunda işçi səfərlərin təşkil edilməsi məsələsi nəzərdən keçirilib.
Səfərin son günü nümayəndə heyəti rəhbərlərinin Latviya Parlamentinin Dövlət Xərcləri və Audit Komitəsinin üzvləri ilə təşkil edilmiş görüşdə Parlamentin Ali Audit Qurumlarından gözləntiləri mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, Forum çərçivəsində AAQ-ların Beynəlxalq audit standartlarının tətbiqinin artırılması üçün mümkün yollar müzakirə edilib, bu sahədə əməkdaşlıq münasibətlərinin inkişafı məsələləri nəzərdən keçirilib.