2023-cü il üzrə bonus ödənişlərinin 471.0 mln. ABŞ dolları və ya 800.8 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinin layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.
Bu da manat ifadəsilə 2021-ci ilin müvafiq icra göstəricisindən 23.8 mln. manat və ya 3.1%, 2022-ci ilin təsdiq edilmiş göstəricisindən 32.1 mln. manat və ya 4.4%, gözlənilən icra göstəricilərindən isə 31.9 mln. manat və ya 4.1% çoxdur.
14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3.6 mlrd. ABŞ dolları bonus ödənişi müəyyən edilmişdir ki, bonus məbləğinin 6-ci hissəsi üzrə 450.0 mln. ABŞ dolları və ya 765.0 mln. manatın 2023-cü ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.
Şahdəniz yatağı üzrə bonus ödənişlərinin 0.2 mln. ABŞ dolları olması nəzərdə tutulmuşdur.
Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə və ona edilən düzəlişlərə əsasən Abşeron dəniz bloku üzrə 2023-cü ildə nəzərdə tutulan bonus ödənişinin məbləği 20.8 mln. ABŞ dolları təşkil edir. Qeyd olunan bonus ödənişlərinin birdəfəlik xarakter daşımaqla kommersiya istehsalına başlanıldıqdan sonra 30 gün ərzində ödənilməsi nəzərdə tutulub.