NATO Baş katibi Yens Stoltenberq Ukraynadakı müharibənin sülh yolu ilə həlli üçün şərtlərin, şəraitin hazırda olmadığını bildirərək Qərb müttəfiqlərini Ukraynaya silah verməyə davam etməyə çağırıb.
Bu barədə Stoltenberq FT-yə müsahibəsində deyib.
Stoltenberq bildirib ki, qışda münaqişənin daha sakit fazaya keçəcəyi ehtimalı olsa da, hər iki tərəf qüvvələrini yenidən toplamaq və yenidən silahlandırmaq istəyəcək və buna görə də NATO ölkələri Ukraynaya dəstək verməyə davam etməlidir.
Rusiya tərəfindən müharibənin sülh yolu ilə sona çatmasını istəməyə dair heç bir əlamətin olmadığını deyən Yens Stoltenberq: “Diplomatik həll üçün indi şərtlər yoxdur”, əlavə edib. “Biz sülh yolu ilə həllini nə qədər çox istəyiriksə, bir o qədər çox Ukraynaya hərbi dəstək verməyimiz vacibdir”.
Alyansın Baş katibi “2023-cü ilin yazında daha böyük hücuma başlamazdan” əvvəl Rusiyanın hazırda münaqişəni dondurmağa çalışdığını vurğulayıb.
Hazırda üstünlüyün Ukrayna tərəfində olduğunu bildirən Yens Stoltenberq əlavə edib ki, NATO ölkələri Kiyevə hansı silah sistemlərinin çatdırılmasını diqqətdə saxlayır.