Türkiyə nümayəndələri cümə günü Ankarada Rusiya nümayəndə heyəti ilə danışıqlar aparmağı planlaşdırır və bu danışıqlarda Rusiyadan idxal olunan qaza 25%-dən çox endirimin tətbiqi ilə bağlı müzakirələr aparılacağını gözləyir.
Bu barədə “Bloomberg“ Türkiyənin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Ankara güzəştin 2023-cü il ödənişlərinə və 2022-ci ildə edilən bəzi ödənişlərə tətbiq edilməsini hədəfləyir. Türkiyə istədiyi endirimi əldə edə bilməsə, o zaman ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasına çalışacaq.
Agentliyin məlumatına görə, saziş bağlanacağı təqdirdə lirəyə təzyiqləri azaldacaq və 2023-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində enerji qiymətlərinin artmasının qarşısını alacaq.