Dövlət Vergi Xidməti (DVX) “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzinə köçürür.
Banker.az bu barədə DVX-yə istinadən xəbər verir.
Qeyd edək ki, bu, Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən reallaşdırılır.
DVX artıq Yevlax Data Mərkəzində təqdim edilən İnfrastruktur və Rezervlənmə bulud xidmətləri əldə edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.