Son 1 ildə Azərbaycanın sığorta bazarında zərərlilik (ödəniş-yığım nisbəti) 11.9 faiz bəndi azalaraq 56.9 % -dən 45 %-ə düşsə də (10 aylıq göstəricilər), bunu bütün sığorta növlərinə aid etmək olmaz.
Məsələn, əsas sığorta növlərindən biri sayılan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik artıb.
Belə ki, bu ilin yanvar-oktyabr aylarında bu sığorta növü üzrə toplanılmış 91.1 milyon manat sığorta haqqının 75.5 milyon manatı, yəni təxminən 83 %-i ödənişə yönəldilib. Halbuki, bu nisbət ötən ilin eyni dövründə 72 % olub.
Əslində, zərərliliyin artması təbii sayılmalıdır. Son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da əksər sahələrdə qiymət artımları qeydə alınıb. Bu baxımdan nəqliyyat vasitələrinin ehtiyat hissələri də istisna deyil. Odur ki, sığorta şirkətləri qəzaya uğramış avtomobillərin təmirinə əvvəlki vaxtlarla müqayisədə çox xərc çəkir, avtomobillərin icbari sığorta haqlarını isə artıra bilmir. Çünki, bu məsələ qanunla tənzimlənir və sığorta şirkətlərindən asılı deyil. Bəs sığorta sektoru yüksək qiymət artımı şəraitində necə işləyir və bahalaşma davam edərsə sığortaçıları “ayaq üstə” saxlamaq üçün hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib ki “İcbari sığortalar haqqında” qanun 2011-ci ildə qəbul edilib, icbari sığorta növləri üzrə tarif və təminat məbləğləri də həmin tarixdə qəbul edilmiş qaydalarla müəyyənləşdirilib və o vaxtdan etibarən müvafiq məbləğlərə hər hansı dəyişiklik edilməyib. Bununla belə, bu il oktyabrın 1-dən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə tariflər yeni qaydalarla hesablanır və bu çərçivədə yeni risk əmsalları müəyyən edilib: “Bu, adı çəkilən növ üzrə sığorta haqqının qaldırılması anlamına gəlmir. Çünki müvafiq növ üzrə yeni risk əmsalları baza sığorta haqqı sabit saxlanılmaqla tətbiq edilir. Sığorta sektorunda mövcud problemlərin və boşluqların aradan qaldırılması məqsədilə Assosiasiyanın tərkibində müxtəlif komitələr fəaliyyət göstərir. Qeyd olunan məsələ ASA-nın komitə iclaslarının gündəmindədir və bununla əlaqədar olaraq təkliflər, müzakirələr və bazar şərtlərinə müvafiq aktuar hesablamaları aparılır. Aparılan müzakirələrin və hesablamaların yekunlaşacağı tarixlə bağlı əvvəlcədən məlumat vermək qeyri-mümkün olsa da hesab edirik ki, yekun nəticə bazar iştirakçıları ilə yanaşı istehlakçıların da mənafeyinə xidmət edəcək”.