Mən öz istehsal etdiyim kənd təsərrüfatı məhsullarını (kartof, yerkökü, çuğundur, ağartı məhsulları, toyuq, ördək, yumurta və s.) sayt üzərindən satmaq istəyirəm. Kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan vergi güzəştlərindən yararlanmaq üçün nə etməliyəm?
Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
Kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməlidir.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi “Sadələşdirilmiş vergi bəyannaməsi”nin 811.1 kodlu “Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi” sətrinin B1 xanalarında qeyd olunmalıdır.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.62-ci, 15.1.3-cü, 33-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16 fevral 2022-ci il tarixli 2217040100098600 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydaları.