10 C
Baku
Monday, November 25, 2024

Qida sahəsində fəaliyyət göstərən sahibkarlar gələn ildən bu tələblərə riayət etməlidirlər

Qida Təhlükəsizliyi Agentliyi  2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunla bağlı sahibkarlara müraciət edib. Müraciətdə sahibkarlar  bu qanunun müddəaları ilə yaxından tanış olmağa və öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun qurmağa çağırılıb.

Banker.az qanunda nəzərdə tutulan tələbləri təqdim edir:

  • Yeni ildən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə veriləcək. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzi ölkələrdə isə qiymətləndirmə aparılmaqla həyata keçiriləcək.
  • Bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək. Qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq.
  • Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda, həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək.
  • Qida məhsullarının markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilməyəcək.
  • Bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minəcək.
  • Bütün qida və yem məhsulları məhsul idxal olunmamışdan əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən və idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılacaq.
  • Qida ilə təmasda olan material və məmulatların idxalı zamanı onlara Agentlik tərəfindən verilən idxal sağlamlıq aktı, yerli istehsal olduqda isə obyektlərin qeydiyyatı tələb olunacaq. Aşağı riskli məhsullara aid qida obyektlərinin qeydiyyatı avtomatik, yüksək riskli məhsullara aid obyektlərin təsdiqi isə tələblərə uyğunluğu qiymətləndirilməklə həyata keçiriləcək.
  • Obyektlərin və subyektlərin qeydiyyatı dövlət rüsumu tələb olunmadan, təsdiqi isə mikro və kiçik sahibkarlıq subyektləri üçün rüsumsuz, orta və iri subyektlər üçün isə vahid məbləğ (150 manat) olmaqla ödəniləcək. Yem məhsullarının dövlət qeydiyyatı “yem zəncirinə” nəzarətlə əvəz olunacaq.
  • Özəl laboratoriyalar akkreditasiya ilə yanaşı, AQTİ-nin səriştəlilik sınaqlarından keçdikdən sonra onların nəticələri qəbul ediləcək.
Son xəbərlər
Digər xəbərlər