“Bakı Gəmiqayırma Zavodu” MMC-də İdarə heyəti yaradılıb. Elşad Nuriyev İdarə Heyətinin sədri təyin edilib.
Banker.az xəbər verir ki, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov isə İdarə Heyətinin üzvü seçilib.
Elşad Nuriyev həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir. Qeyd edək ki, E. Nuriyev 2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bundan öncə “Synergy Group” ASC-nin İdarə Heyətinin üzvü, “PMD Group”a yaxın şirkət olan “Agrarco” MMC-nin Direktorlar Şurasının sədri vəzifələrində çalışıb.
Elşad Nuriyev “BP Azərbaycan”da, “Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr və magistr pillələrini bitirib.
O, ABŞ-ın İndiana Universitetində dövlət maliyyəsinin idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib və Harvard Universitetinin Kennedi Məktəbində infrastrukturun inkişafında dövlət-özəl tərəfdaşlığı üzrə əlavə təhsil alıb.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” MMC 2011-ci ilin mayında yaradılıb. Onun 446.97 milyon dollar nizamnamə kapitalı var və kapitalının da 70.21%-i SOCAR-a məxsusdur.