Dünya ticarətinin dinamikasına qlobal borc yükünün həddindən artıq şişməsi, inkişaf etmiş ölkələrdə faizlərin yüksəlməsi, dünya ticarətində dominant rola malik olan dolların bahalaşması əhəmiyyətli təsir edəcəkdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Neftin dünya qiyməti növbəti ildə də qlobal iqtisadi aktivlik, geosiyasi amillər və OPEC++ çərçivəsində qəbul edilən qərarların təsiri altında formalaşacaqdır. Başlıca analitik mərkəzlərin proqnozları əsasında (BVF, Dünya Bankı, ABŞ Enerji Agentliyi, Standard Chartered, Fitch, Barclays və s) 2023-cü ilə konsensus qiymət 1 barelə görə 92 ABŞ dolları, o cümlədən BVF tərəfindən 85.5 ABŞ dolları səviyyəsində qiymətləndirilir. Ümumilikdə 2023-cü ildə iqtisadi artımın zəifləməsi fonunda dünyada neftə tələbin stabilləşəcəyi proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq, Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcəkdir.
2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaqdır.
Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. (Cari əməliyyat hesabı: Ticarət hesabı, Xidmətlər hesabı, Gəlirlər hesabı, Cari transfertlər)
İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaqdır.
2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30%-i üstələyəcəyi gözlənilir. Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.