15 C
Baku
Sunday, November 24, 2024

Un və makarondan smartfonlara qədər: “Samsung”un uğur hekayəsi

Cənubi Koreyanın “Samsung” şirkətinin bütün tarixini üç mərhələyə bölmək olar. Təxminən yüz il əvvəl Cənubi Koreyalı fermer tərəfindən qurulan bu şirkət iki dəfə fəaliyyətini dayandırmalı olub, ancaq canlanmağı və daha da güclü olmağı bacarıb.

Anbarlar da yanır, zavodlar da

“Samsung”un tarixi 1930-cü illərdə, Koreyanın birləşdiyi, lakin Yaponiyanın işğalı altında olduğu dövrdə başlayır. Koreya tarixində müstəmləkəçilik dövrü bir tərəfdən koreyalılara qarşı total ayrı-seçkilik, digər tərəfdən güclü iqtisadi yüksəliş ilə xarakterizə olunur. O dövrdə iqtisadiyyatın sütunu olan kənd təsərrüfatı əhəmiyyətli dərəcədə modernləşdirilib. Nəhayət, sənaye faktiki olaraq yaradılıb – onlarla fabrik minlərlə zavodla əvəz olunub.

Belə bir şəraitdə 1938-ci ildə fermer ailəsindən olan Li Bön Çhol Koreyanın Tequ şəhərində öz şirkətini – “Mitsubishi Trading Company” və ya “Samsung Sanghoe”ni qurur. Bütün koreyalıların az qala öz adlarını yapon dilinə dəyişmək məcburiyyətində qaldıqları bir vaxtda şirkətin adının ikili olmasında təəccüblü heç nə yox idi. Hərfi mənada “Samsung” Koreya dilində “üç ulduz”, məcazi mənada isə “güclü və sonsuz” deməkdir. Bu, demək olar ki, “Mitsubishi”nin hərfi tərcüməsidir.

Böyük adına baxmayaraq, Li Bönun şirkəti düyü, un, şəkər, makaron, qurudulmuş balıq və dəniz məhsulları ilə ticarət edən kiçik bir anbar idi. Məhsulların çox hissəsi ya Tequ şəhərinin özündə, ya da onun ətrafında yetişdirilib istehsal olunurdu. Və bu, başa düşülən idi. Mançuriya Yaponiyanın nəzarətində olan bir dövlət olmuşdu. Koreyanın istehsal etdiyi demək olar ki, hər şey növbəti mərhələdə Mançuriyaya ixrac edilirdi. Bununla belə, öz həmvətənlilərinin böyük əksəriyyətindən fərqli olaraq, Li Bön Çhol Yaponiya hakimiyyətinin total nəzarəti şəraitində mallarını Mançuriya və Çinə ötürülməsi üçün müstəqil kanal yaratmağa müvəffəq olur.

12
“Samsung” şirkətinin qurucusu, Li Bön Çhol

Bön Çholun ərzaq ticarəti ona xeyli gəlir gətirdi və İkinci Dünya müharibəsi Koreyadakı Yaponiya müstəmləkəçiliyinə son qoydu. Hətta Sovet İttifaqı ilə ABŞ arasında ölkənin iki məsuliyyət zonasına bölünməsi belə görünürdü ki, şirkətin inkişafına mane ola bilmirdi. Və Bön Çhol inkişafında növbəti addımı atmağa qərar verir və 1947-ci ildə “Samsung” Seula köçür.

1950-ci illərin sonunda Bön Çhul Amerika ilə ticarət edərək beynəlxalq bazara çıxmağa ümid edirdi. Ancaq 1950-ci ildə Koreya müharibəsi başladı və bu müharibə Bönü hər şeydən məhrum etdi – həm fabriklər, həm də anbarlar yandırıldı. Sahibkarın özü sağ qalmaq üçün Seuldan qaçmalı oldu.

13
Koreya müharibəsi (1950-1953-cü illər)

Xeyirdən şər

Li Bön Çhol hər şeyi yenidən başlamalı oldu. Lakin müharibə nəticəsində verdiyi itkilər ona təkbaşına irimiqyaslı biznes qurmağa imkan vermədi. O, başqa bir sahibkar – Ço Honq Jai ilə birləşdi. 1951-ci ilin ynavarında onlar Pusanda yeni ticarət şirkətini, “Samsung Trading Corporation” korporasiyasını qeydiyyatdan keçirdilər. Bir neçə ildən sonra Bön Çhol biznesini Seula qaytardı.

1954-cü ildə Tequda ölkənin ən böyük olan ilk “Samsung” tekstil fabriki fəaliyyətə başladı, 1955-ci ilin avqustunda isə Busanda şəkər fabriki yaradıldı. Hər iki zavod “Samsung” şirkətinin inkişafı üçün başlanğıc nöqtə oldu. Honq Jai ilə ortaqlıq çox az çəkdi, belə ki, bir neçə ildən sonra fikir ayrılığına görə o, “Samsung Trading Corp”dan ayrıldı, birgə qurulan müəssisə isə bir neçə şirkətə bölündü. Beləliklə, “Hyosung Hroup”, “Hankook Tire” və “Samsung Group” yarandı.

Əgər hökumətin dəstəyi olmasaydı, Bön Çhol korporasiyasını bu qədər tez bərpa edə bilməyəcəkdi. Cənubi Koreya hökuməti ölkənin iqtisadi artımını mümkün qədər yüksək səviyyədə təmin etmək və sənayeləşməni həyata keçirmək üçün böyük şirkətlərə hər cür dəstək verirdi. Onlar xarici rəqabətdən qorunurdu, kreditlər və güzəştlər alırdı. Bunun sayəsində “Samsung” yeni bazarlara çıxdı.

1950-ci illərin sonunda şirkət Koreyanın üç ən böyük kommersiya bankını, həmçinin sığorta şirkəti və sement istehsalı firmalarını alır. Onun fəaliyyət istiqamətlərində həmçinin logistika, daşınmaz əmlak, pərakəndə satış, sığorta və qiymətli kağızlar da olub. Nəticədə, Bön Çhol ölkənin ən nüfuzlu adamlarından birinə çevrilir. O qədər nüfuzlu ki, o, prezident Li Sın Man ilə belə tanış idi. Qəribədir ki, “Samsung”un daha bir çöküşünün səbəbi də məhz bu olub.

1960-cı ilin aprelində Cənubi Koreyada Li Sın Mana qarşı kütləvi etirazlar başladı. O, prezident seçkilərini saxtalaşdırmaqda ittiham olunurdu. 84 yaşlı hökmdar 100% səs çoxluğu ilə seçkilərdə qalib gəlmişdi. Təkcə ona görə ki, o, yeganə namizəd idi. Xalq seçkilərin təkrar keçirilməsini və avtoritar hökmdarın getməsini tələb edirdi. Nəticədə, dinc etirazlar kimi başlayan hadisələr hərbi çevrilişə, bir il sonra isə general Pak Çon Hinin hakimiyyətə gəlməsinə gətirib çıxardı.

14
Prezident seçkilərinin saxtalaşdırılması səbəbindən meydana çıxan kütləvi etirazlar

Bön Çholun özü vergidən yayınmaqda, qanunsuz qazanc əldə etməkdə və Li Sın Manın kampaniyasına qeyri-qanuni sponsorluqda ittiham olundu. Çevriliş zamanı iş adamı Yaponiyada olub və buna görə də həbsdən qaçıb. Daha sonra o, yeni prezidentlə görüşməyə qərar verib. Görüş nəticəsində Çhol əfv edilib və bunun müqabilində biznesinin bir hissəsini hökumətə keçirməyi, əlavə olaraq gübrə zavodu tikməyi boynuna götürüb. Vəd yerinə yetirildi: şirkət Koreyanın sənaye nəhənglərindən birinə çevrildi və 1960-cı illərin sonlarında “Samsung” ilk dəfə elektron avadanlıq istehsalına keçmək barədə fikirləşdi.

Koreyalı fermerin əbədi parlaqlığı

1969-cu ilin yanvarında “Samsung Electric Industries” quruldu. Bununla belə, Koreyanın ən güclü sənaye maqnatlarından biri olmasına baxmayaraq, Bön Çholun elektronika sahəsində təcrübəsi yox idi. Və buna görə də, bu sahəni mənimsəmək üçün o, “Samsung Trading Corp”un yaradılmasında olduğu kimi, daha təcrübəli tərəfdaşların köməyindən istifadə etməyə qərar verdi. Amma bu dəfə həmyerlilərin deyil, yaponların.

Artıq 1969-cu ilin dekabrında “Samsung Electric” şirkəti “Sanyo” və “Sumitomo” ilə müqavilə imzalayır. Onlar televizorların, kalkulyatorların, soyuducuların, kondisionerlərin və paltaryuyan maşınların istehsalı ilə məşğul olur. Məhz bu birgə müəssisə “Samsung Electronics”in sələfi sayılır.

1970-ci ildə “Samsung” başqa bir yapon korporasiya – NEC ilə birgə müəssisə yaradır və məişət avadanlıqların istehsalına başlayır. 1973-cü ildə isə “Samsung” və “Sanyo” yeni “Samsung Sanyo Parts” şirkətini yaradır.

Bön Çholun yapon korporasiyaları ilə iş birliyi, əlbəttə ki, Koreya istehsalçılarının ciddi narazılığına səbəb oldu, onlar hətta “Samsung”un yaponlarla birgə müəssisə yaratmasına görə hökumətə müraciət etmişdilər. Koreya sənayesinin nümayəndələrini yalnız onda sakitləşdirmək mümkün oldu ki, “Samsung” onları məhsullarının yalnız ixrac üçün istehsal edildiyinə inandırdı.

15
Artıq 80-ci illərdə “Samsung” məişət elektronikası sahəsində liderlərdən biri olur

Bu öhdəlik “Samsung”un elektronika bazarında dünya liderlərindən birinə çevrilməsinə mane olmadı. Əksinə, hələ 1970-ci illərdə Li Bön Çholun şirkəti ağ-qara televizor və çaydanlardan daha mürəkkəb texnologiyaya keçdi. 1974-cü ildə şirkət Koreyanın çip istehsalı sektorunda qabaqcıllardan biri olan yarımkeçiricilər istehsalçısı “Korea Semiconductor”da 50% pay aldı. Bu, “Samsung”un yarımkeçiricilər bölməsinin yaradılmasına gətirib çıxardı.

1978-ci ildə Li Bön Çhol “Samsung”un aerokosmik bölməsini yaradır və 1985-ci ildə konsaltinq, texniki xidmətlər və autsorsinq xidmətləri də daxil olmaqla korporativ informasiya texnologiyaları xidmətlərinin təminatçısı olan “Samsung Data Systems” işıq üzü görür.

80-ci illərdə şirkət ilk mobil telefonunun yaradılması üzərində işləyir. Bu, “Samsung”un tarixində yeni dövrün başlaması demək idi. Cənubi Koreyanın texnologiya nəhənginin qurucusu 1987-ci ildə, şirkətin ilk mobil telefonunun çıxmasına bir il qalmış vəfat edir.

Şirkətin təqdim etdiyi ilk mobil telefon uğursuz oldu. Koreya istehsalçısının bu bazarda üstünlüyü xeyli sonra, 2012-ci ildə mümkün oldu. Belə ki, 1998-ci ildə bu sektorda onu “Nokia” qabaqlaya bildi.

16
Son onilliklərdə Koreya şirkəti dünyanın ən böyük çip istehsalçılarından birinə çevrilir

Lakin 1980-ci illərin ortalarından “Samsung”un milyardlarla dollar sərmayə qoyduğu yarımkeçiricilər bazarında Koreya şirkəti 1990-cı illərin əvvəllərində dünya liderinə çevrildi. 1992-ci ildə “Samsung” ən böyük yaddaş çipləri istehsalçısı olur və mikroçip bazarında “Intel”dən sonra ikinci yeri tutur.

Beləliklə, kiçik şəhərcikdə koreyalı fermerin açdığı ərzaq mağazası, nəhayət, müxtəlif sənaye sahələrində onlarla bölməsi olan yüksək texnologiyalı korporasiyaya dönür.

Son xəbərlər
Digər xəbərlər