10 C
Baku
Thursday, December 12, 2024

AHİK Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycanının günü-gündən inkişafı, iqtisadi qüdrətinin davamlı olaraq yüksəlməsi, regionda lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun artması, həmçinin 30 illik işğala son qoyaraq bölgənin tərəqqisini hədəfləyən yeni reallıqlar yaratması əsasən nümayiş etdirdikləri qərəzli mövqeləri ilə gündəmə gələn bir sıra dairələri ciddi narahat etməyə başlayıb. Bu səbəbdən onlar hərəkətə keçərək ölkəmizə qarşı böhtan və qərəzli qətnamələrin qəbul olunmasına, sərsəm bəyanatların verilməsinə çalışır, tirajladıqları yalan informasiyalarla Azərbaycanı şərləyərək gözdən salmağa cəhd edirlər. Belə cəhdləri biz və bütün dünya ictimaiyyəti uzun illər davam etmiş, bu gün isə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsi zamanı görmüşük. Keçmiş Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində yalnız sülh yolu ilə həll edilməsi üçün bütün imkanlara əl atmış Azərbaycan dövləti ikili standartlarla, təzyiqlərlə üz-üzə qaldı. Məsələn, Avropa Parlamenti Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bir dəfə də olsun səsini çıxarmadı, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməsini gözardına vurdu. Həmçinin təcavüzkar Ermənistana hər cür maddi-mənəvi dəstək göstərildi.

Avropa Parlamentinin bu il yanvarın 19-da qəbul olunmuş qətnaməsi də ikili standartlar oyununun davamıdır. Belə ki, qurumun sənədində reallıqdan birmənalı şəkildə uzaq, yalnız böhtan xarakterli Azərbaycan əleyhinə bəndlər yer alıb. Yalan üzərində qurulmuş qətnamədə iddia olunur ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edib, Laçın yolu “blokada”dadır. Eyni zamanda, sənəddə acı gülüş doğuran məqam isə tamamilə hörmətdən düşmüş və tarixin arxivinə gömülmüş “Madrid prinsipləri”nə istinadlardır.

Biz – AHİK-in İcraiyyə Komitəsi Azərbaycan həmkarlar ittifaqları adından bu qətnaməni birmənalı şəkildə rədd edir, məsuliyyətsiz və ədalətsiz olduğu üçün buna qəti şəkildə etirazımızı bildiririk.

Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar edilir və digər ölkələrə daşınır. Həmçinin həmin ərazilərdə ekoloji vəziyyət son dərəcə ağırdır. Bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanundan kənardır. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar bu səbəbdən Şuşa-Laçın yolunda heç bir siyasi məqsəd daşımayan humanitar əsaslarla etiraz aksiyası keçirirlər. Aksiya ərazisindən hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin edilir. Belə ki, Rusiya sülhməramlılarının humanitar yükləri, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri, həmçinin Qarabağda yaşayan ermənilər, o cümlədən uşaqlar və xəstələr ərazidən sərbəst keçə bilirlər. Bir sözlə, Laçın-Xankəndi yolunun bağlanması, təminat avtomobillərinin buraxılmaması ilə bağlı yayılan xəbərlər dezinformasiyadır. Buna görə də avropalı parlamentariləri dəqiq olmağa çağırırıq.

Avropa Parlamenti nümayəndələrinin diqqətinə çatdırırıq ki, Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Ermənistan tərəfi təcavüzkar siyasətini davam etdirməyə cəhd edərək beynəlxalq hüququn norma və prinsiplərini, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatları, həmçinin əldə olunmuş digər razılaşmaları kobud şəkildə pozmaqla müxtəlif hərbi təxribatlar törədib. Təcavüzkar dövlətin belə əməllərinə, təbii ki, cavab vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq Azərbaycan dövlətin suveren hüququdur.

Görəsən, Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti niyə mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olmasına görə Ermənistanı ittiham etmir, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmamasına münasibət bildirmir, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmamasına göz yumur. Bəs Avropa Parlamenti görmür ki, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır?! Həqiqətən də, məsələlərə bu cür qərəzli və qeyri-obyektiv yanaşma tərzi ümumilikdə Avropanı gözdən salan məqamlardandır.

O ki qaldı “Madrid prinsipləri”nə, bunu yuxarıda əbəs yerə gülüş doğuran məqam adlandırmadıq. Görünən odur ki, Ermənistan tərəfi Avropa Parlamentinə nisbətən daha realdır, vəziyyəti qismən də olsa, anlayaraq “Madrid prinsipləri”nə qayıtmağın mümkünsüzlüyünü başa düşür. Bu vəziyyətdə Avropa Parlamentinin tarixə baş vuraraq toz basmış “Madrid prinsipləri”ni vərəqləməsi…

Biz Azərbaycan həmkarlar ittifaqları adından Avropa Parlamentinin nümayəndələrini məsələlərə münasibət bildirərkən, mühüm qərarlar qəbul edərkən ədalətli olmağa, real vəziyyəti nəzərə almağa çağırırıq. Hələ də davam edən ikili standartlardan əl çəksinlər, regionda Azərbaycanın sülh və əməkdaşlığa əsaslanan hədəflərini düzgün qiymətləndirsinlər, erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altına düşməsinlər”.

Son xəbərlər
Digər xəbərlər