9 C
Baku
Thursday, November 28, 2024

Öz adına olan krediti başqasının adına keçirmək olarmı?

Bəzi hallarda vətəndaşlar müəyyən səbəblərdən banklardan kredit götürə bilmirlər. Belə olduqda onlar hər hansı başqa bir şəxsin adına kredit götürmək məcburiyyətində qalırlar. Krediti götürdükdən müəyyən müddət sonra onu öz adına götürən şəxs kreditdən imtina etmək və başqasının adına keçirmək istədikdə nə etməlidir? Ümumiyyətlə, kreditin qarşı tərəfin razılığı ilə başqa bir şəxsin adına keçirilməsi mümkündürmü?

Məsələ ilə bağlı sualları cavablandıran iqtisadçı, vəkil Əkrəm Həsənov bildirib ki, belə olan halda hər 3 tərəfin – krediti götürənin, krediti adına keçiriləcək şəxsin və bankın razılığı olmalıdır.

“Kreditin başqa bir şəxsin adına keçirilməsi üçün üçtərəfli müqavilə bağlanmalıdır. Yəni, burada təkcə tərəflərin deyil, bankın da razılığı olmalıdır. Bank razılıq verməsə, bu, mümkün olmayacaq. Çünki bank krediti kimə veribsə, ona etibar edib, 3-cü tərəfə etibar etməyə də bilər. Bankın bu prosedurdan imtina etmək hüququ var və bunu hər hansı səbəblə əsaslandırmaq məcburiyyətində deyil”, – deyə ekspert qeyd edib.

Ə.Həsənovun sözlərinə görə, kreditin başqa bir şəxsin adına keçirilməsi hallarına praktikada çox az rast gəlinir. Vəkil onu da vurğulayıb ki, bu kimi müqavilələrin bağlanmasında hər hansı xüsusi şərtlər mövcud deyil və bu, tərəflərin özlərindən asılıdır.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər