3 C
Baku
Saturday, December 14, 2024

Daşıyıcı şirkətlər avtobuslarda gediş haqlarının dəyişdirilməsi qərarına münasibət bildirib

“Bu vaxta qədər avtobuslarda mövcud olan gediş haqqı məbləği daşıma xərclərini ödəməyə kifayət etmirdi”.

Bu barədə açıqlamasında “BakuBus” MMC-nin direktoru Elnur Qarayev avtobuslarda gediş haqlarının artırılması ilə bağlı Tarif (qiymət) Şurasının qərarına münasibət bildirərkən deyib.

“Hazırda bütün sərnişindaşıma şirkətləri zərərlə işləyir. Düşünürəm ki, bu qərar həmin zərərin bir qismini kompensasiya etmək üçün atılan addımdır”, – E.Qarayev bildirib.

“Xaliq Faiqoğlu” MMC-nin mətbuat katibi Nizam Rzayev hesab edir ki, dünyada cərəyan edən proseslər Azərbaycanda da sərnişindaşıma xərclərinin artmasına təsir edib:

“Son illər dünyada baş verən qlobal iqtisadi proseslər, eləcə də 3 ilə yaxındır davam edən pandemiya səbəbindən sərnişindaşıma sektoruna ciddi zərbə vurub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Qlobal bahalaşma səbəbindən avtobuslar nəqliyyat vasitələri üçün zəruri olan sürtkü yağlarının, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 80 %-ə qədər artıb. Bu hallar şirkətimizin gəlirlərinin minimum həddə düşməsinə və ümumilikdə cəmiyyətdə ictimai nəqliyyata etimadın zəifləməsinə səbəb olur. Eyni zamanda uzun müddət bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı tarifi şirkətimizi ciddi maliyyə itkilərinə məruz qoyub”.

N.Rzayevin sözlərinə görə, bununla yanaşı təbii qaz yanacağı (CNG) ilə işləyən 120 ədəd “Avro-6” ekoloji standartlı “OTOKAR” markalı avtobusun alınmasına dair istehsalçı şirkətlə müqavilə imzalanıb: “Müqavilə üzrə sifariş edilən avtobuslardan 2022-ci ilin birinci rübündə 50 ədədini sərnişinlərin xidmətinə vermişik”.

Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub). Qərar fevralın 3-dən qüvvəyə minir.

Yeni tariflərdən sonra avtobus nəqliyyatı ilə daşımalar üzrə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər