14 C
Baku
Sunday, November 24, 2024

Dövlət Agentliyi: Ölkədə tikinti keyfiyyəti çox yüksək səviyyədədir və baş verə biləcək istənilən zəlzələyə davamlıdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədovun müsahibəsi:

– Türkiyədə baş verən zəlzələ hər birimizi kədərləndirdiyi kimi, həm də düşündürür. Azərbaycan ciddi zəlzələlərə hazırdırmı?

– Ölkəmizin çox böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq ərazidə yerləşir. Bu da ilk növbədə inşaat sektorunda fəaliyyət göstərən subyektlərin – investorlar, layihəçilər və inşaatçıların üzərinə böyük məsuliyyət qoyur. Təbii ki, istənilən fəlakətdən tam qorunmaq mümkün deyil. Lakin təbii fəlakətlərdən mümkün qədər az zərərlə çıxmaq üçün səy göstəririk. Azərbaycanda elə tikililər var ki, onların yaşı 100 illərlə ölçülür. Bunlar arasında orta əsrlərə aid memarlıq abidələri, XX əsrin birinci yarısında tikilmiş binalar var. Hansı ki, onlar heç bir seysmik normalara uyğun inşa olunmayıb. Hətta sovet dövrünün birinci yarısında Azərbaycanda ümumiyyətlə seysmik normalar olmadığından ovaxtkı tikililər üçün belə bir tələb də irəli sürülməyib. Ölkə ərazisində ilk dəfə 1960-cı illərin əvvəllərində seysmik tələblər formalaşdırılıb və 7 ballıq zəlzələyə davamlılıq tələbi qarşıya qoyulub. Seysmik tələblərə uyğun binaların tikintisi də məhz həmin tarixdən başlayır. 80-ci illərdə bu, bir qədər də təkmilləşdirilərək, 8 bala çatdırılıb. Nəhayət, 2010-cu ildə seysmik ərazilərdə tikinti sahəsində Azərbaycan Respublikasının milli tikinti normaları yaradıldı. Bu, Dövlət Tikinti Normaları “Seysmik Rayonlarda Tikinti” adlanır. Yeni tikinti normaları sovet dövründən qalmış normalarla müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər ortaya qoyur.

Bakı şəhərində tikinti bumu 90-cı illərin sonlarında başlayıb və 2000-ci ilin 25 noyabr zəlzələsi zamanı kifayət qədər yeni tikilmiş binalarımız var idi. Həmin vaxt 4,5 maqnituda və 6,5 intensivliyi olan zəlzələdə yeni tikilmiş binaların heç biri zərər görmədi, hətta konstruktiv elementləri cüzi də olsa zədələnmədi. Bunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün daha da sərtləşdirilmiş tikinti norma və qaydalarına uyğun inşa olunmuş binalar yəqin ki, onlardan daha davamlıdır. İkinci növbədə qeyd etmək lazımdır ki, bu müddət ərzində nəzarət mexanizmləri də dəyişib. 2013-cü ildə mənim də müəlliflərindən olduğum “Şəhərsalma və Tikinti Məcəlləsi” Milli Məclisdə qəbul olunub və Prezident tərəfindən imzalanaraq qüvvəyə minib. Bu gün tikinti subyektləri bu məcəllə əsasında fəaliyyət göstərir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq normativ-hüquqi və normativ-texniki sənədlər qəbul olunub. Bu sənədlər əsasında layihələndirmə icraatı, tikintiyə icazə icraatı və tikintinin gedişinə nəzarət icraatı həyata keçirilir ki, bu da sovet dövründən 2013-cü ilə qədər olan nəzarət formalarından kifayət qədər sərt və daha mükəmməldir.

– AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, 2019-cu ildən sonra tikilən binalara seysmoloji rəy verilməsi üçün onlara müraciət edilməyib. Bu, kifayət qədər ciddi açıqlamadır. Yəni, 2019-cu ildən bu yana tikilən binalara icazə seysmoloji rəy olmadan verilib? Bəs bu rəy olmadan binaların tikintisinə necə icazə verilib?

– Bilirəm ki, bu məsələ əhali arasında böyük bir ajiotaj yaradıb. Özüm sosial şəbəkələrdən uzaq olsam da, yaxınlarım, dostlarım deyir ki, sosial şəbəkələrdə bu haqda yazırlar və böyük panika yaranıb. Qeyd edim ki, bizim tikinti norma və qaydalarında, eyni zamanda, məcəllədə layihələndirmə mərhələsində seysmik tələblər kifayət qədər öz əksini tapıb və buna riayət olunur. Heç bir normativ hüquqi sənəddə Seysmoloji Xidmət Mərkəzinə müraciət və onlardan rəy alınması nəzərdə tutulmayıb. Bu, heç sovet dövründən qalma normativ sənədlərdə belə yoxdur. Lakin praktikada belə bir şey var idi və bəli, bu, 2019-cu ilə qədər davam edib. Seysmoloji Xidmət Mərkəzinin əsas vəzifələri respublikanın seysmik xəritəsinin, mövcud yaşayış məntəqələrinin seysmik mikrorayonlaşdırma xəritələrinin hazırlanması, seysmologiya sahəsində elmi-tədqiqat işlərinin aparılması, zəlzələlərin proqnozlaşdırılması və digər bu qəbildən olan məsələlərlə bağlıdır. Mərkəz tərəfindən hazırlanan bu xəritələr əsasında ayrı-ayrı obyektlərin layihələndirilməsini və tikintisini aparmaq olmaz.

– Belə aydın olur ki, bu xəritələr tikinti zamanı heç bir əhəmiyyət daşımır? Bəs binanın neçə bal zəlzələyə davamlı tikilməsi hansı yolla müəyyənləşdirilir?

– Həmin xəritələrdən şəhərsalmada ərazilərin ümumi planlarının, yaşayış məntəqələrinin baş planlarının hazırlanmasında istifadə edilir. Çünki bu xəritələr ümumi xarakter daşıyır və konkret ərazilərin mahiyyətini tam açmaq iqtidarında deyil. Bizim məcəlləyə və tikinti normalarına görə, bu xəritələr əsasında seysmik ərazilər müəyyən olunur və hər bir investor tikintiyə başlayanda, buna əsasən ərazisinin seysmik zona olub-olmadığını bilir. Daha sonra hər bir investor, layihəçi layihədən əvvəl konkret tikinti aparılacaq ərazidə mühəndis-geoloji axtarış işləri aparır. Bu zaman süxurlardan nümunələr götürülür, onların xüsusiyyətləri araşdırılır, analizlər aparılır, ərazinin seysmik dəyərləndirilməsi və hesabatlar hazırlanır. Konkret ərazinin seysmik həssaslığına əsasən də hansı bala uyğun bina tikilməsi müəyyənləşdirilir. Sonra bu hesabat Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən Geoloji Mərkəzə verilir və orda geoloji axtarış işlərinin düzgün metodika ilə aparıldığı, seysmik fonun dəyərləndirilməsi bir daha yoxlanılır. Daha sonra rəy layihəçilərə təqdim edilir və onlar geoloji axtarış işlərinin nəticələrinə uyğun olaraq binanın konstruksiyasını hesablayırlar. Layihə hazır olduqdan sonra bütövlükdə geoloji hesabat da daxil olmaqla Dövlət Baş Ekspertiza İdarəsinə təqdim olunur və orada bir daha ekspertizadan keçirilir. Gördüyünüz kimi, bu məsələlər kifayət qədər araşdırılır və üçqat yoxlamadan keçir.

– Elxan müəllim, geoloji axtarış işlərinin aparılması ilə məşğul olan özəl şirkətlər də var. Bəs onların apardığı araşdırmaya nə dərəcədə inanmaq olar? Sifarişçi daha az vəsait xərcləmək üçün süxurların vəziyyətinin tikinti üçün daha əlverişli olduğu barədə rəyin yazılmasına çalışa bilər.

– Düzdür, ölkədə müstəqil olaraq geoloji axtarış işləri aparan özəl şirkətlər də var. Lakin onlar işi yerinə yetirir, yoxlama və nəzarət şirkətlər tərəfindən yox, qeyd etdiyim kimi, dövlətin müvafiq qurumu tərəfindən aparılır. Ölkəmizdə fəaliyyət göstərən dövlət layihə institutlarının demək olar ki, hamısının geoloji xidmət laboratoriyaları və şöbələri var.

– Qurban Yetirmişli eyni zamanda bildirib ki, Azərbaycanda, xüsusilə Bakıda tikilən çoxmərtəbəli binanın bir bloku 8 ballıq zəlzələ zonasına, digəri isə 9 ballıq zəlzələ zonasına düşür. Belə hallar varsa, qarşısı niyə alınmır?

– Seysmoloji Xidmət Mərkəzinin tərtib etdiyi xəritələrdə 4-5 rayonun və regionların əraziləri əhatə olunur. Ola bilsin ki, o seysmik xəritələrdə 8 balda nəzərdə tutulan ərazidə bir-birinin yaxınlığında iki binanın 8 və 9 bala hesablanması tələb oluna bilər. Bu, geoloji axtarış işlərində öz əksini tapır və layihələndirmədə nəzərə alınır. Lakin dediyim kimi, seysmik xəritələr əsasında ayrı-ayrı obyektlərin tikintisini aparmaq mümkün deyil.

– Belə məlumatlar var ki, Bakının relyefi və tektonik quruluşu 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermir. Bu məlumat nə dərəcədə əsaslıdır? Bakıda 9 mərtəbədən yuxarı binaların tikintisinin qadağan olunması məsələsi gündəmə gələ bilərmi?

– Xeyr, bu belə deyil. Bu fikirlər əsassızdır. 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi. Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harda icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib.

– Layihələndirmədən danışmışkən, tikinti prosesində işlərin layihəyə əsasən icra edilib-edilmədiyi necə yoxlanılır? Bəzən layihədənkənar işlərin aparıldığı da iddia edilir.

– Bizim nəzarət funksiyalarımız layihənin və ya geologiyanın ekspertizası ilə bitmir. Layihə Baş Dövlət Ekspertiza İdarəsinə təqdim olunduqdan sonra bütün hissələri ekspertizadan keçirilir, o cümlədən etibarlılıq və dayanıqlılıq yoxlanılır. Ondan sonra müvafiq orqanlar tikintiyə icazə verirlər. Bakı şəhərində bu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, respublikanın digər yerlərində isə yerli icra hakimiyyəti orqanlarıdır. Tikinti müddətində də bizim Baş Dövlət Tikinti Müfəttişliyi mütəmadi olaraq yoxlamalar həyata keçirir. Ərazi hasara alınan gündən tikintinin istismarına icazə verilənə qədər bütün mərhələlərdə nəzarət olur. Bundan başqa, tikintidə dövlət nəzarəti ilə yanaşı, digər üç nəzarət növü var. Bunlardan birincisi müəllif nəzarətidir. Layihəni işləyən qrupda memar, konstruktor, havalandırma, elektrik mütəxəssisi və s. şəxslər var. Tikinti müddətində ərazidə mütləq müəllif nəzarəti jurnalı olmalıdır. Müəlliflərin hamısı işin gedişində öz sahələrinə nəzarət etməli və jurnalda müvafiq qeydiyyat aparmalıdırlar. Növbəti nəzarət növü texniki nəzarətdir. Bu isə sifarişçinin nəzarətidir. O, inşaatda kifayət qədər keyfiyyətli inşaat materiallarının istifadə edilib-edilməməsi və digər məsələlərə nəzarət edir. Üçüncü nəzarət isə tikinti təşkilatının operativ nəzarətidir. O da işçilərin intizamına, tikinti materiallarının düzgün işlənilməsinə, vaxtlı-vaxtında çatdırılmasına və bu kimi digər məsələlərə cavabdehdir. Müfəttişlərimiz tikinti meydançasına daxil olduqda ilk növbədə bu üç tikintiyə nəzarət funksiyalarının obyektdə həyata keçirilib-keçirilmədiyini yoxlayırlar. Onlardan biri həyata keçirilməsə və jurnalda qeydiyyat aparılmasa, tikinti dayandırılır. Bizim özümüzün nəzarət jurnalımız da həmin ərazidə olur və iradlar varsa, yazılır və operativ qaydada elektron bazamıza daxil edilir. Yəni, son 15 il üçün deyə bilərəm ki, tikinti keyfiyyəti çox yüksək səviyyədədir və Azərbaycan ərazisində baş verə biləcək istənilən zəlzələyə davamlıdır.

– Bayıl yamacında birmərtəbəli, beşmərtəbəli binaların yerində hündürmərtəbəli binaların tikildiyinin şahidi oluruq. Bunlar gələcəkdə hansısa problemə gətirib çıxarmayacaq?

– Onların hər biri layihə əsasında həyata keçirilir. Təbii ki, Bakının özünün sürüşmə ərazilərinin planı var. Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra… Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır.

– Bəs hazırda Bakı şəhərində tikintisi başa çatan və yaşayış olmasına baxmayaraq, istismara qəbul aktı verilməmiş neçə bina var? Qəbul aktı verilməməsinin əsas səbəbləri nədir?

– Vaxtilə belə binalar həm Bakı şəhərində, həm də respublikanın digər ərazilərində çox idi. Hətta sovet dövrünün son illərində tikintisi tam başa çatmamış və ya başa çatsa da, lakin istismara qəbul edilməmiş binalar tikilib. Həmçinin müstəqilliyimizin ilk illərində iqtisadi vəziyyətimizin yaxşı olmadığı və qanunvericilik bazamızın təkmil olmadığı dövrdə də çoxsaylı tikintilər aparılıb. Həmin binalar demək olar nəzarətsiz şəkildə inşa edilmişdi və istismara qəbul edilmədən məskunlaşma aparılmışdı. Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu işlərin qarşısı müəyyən qədər alınmağa başlandı. 2019-cu ildə istismara qəbul olunmamış, lakin məskunlaşdırmalar aparılmış binaların sadələşdirilmiş istismara qəbulu haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Ondan əvvəl də araşdırmalar aparılmışdı. Bir daha dəqiqləşdirəndə biz gördük ki, 500-ə yaxın belə bina və kompleks var. Bəzilərinin heç icazə sənədləri də yox idi. Onların əksəriyyətinin qüsurları aradan qaldırılmaqla istismara qəbulu təmin olundu. Bu zaman çox böyük işlər aparıldı. Elə komplekslər var idi ki, onlar 7-8, hətta 10 binadan ibarət idi. Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb. Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə, məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurları aradan qaldırmadan istismara qəbulu haqqında qərar verilə bilməz. Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq.

– Qeyd etdiyiniz binalarda aşkarlanan qüsurlar əsasən nə ilə bağlıdır? Aradan qaldırılması mümkün olmadığı təqdirdə, hansı addım atılacaq?

– Əsas qüsurlar yanğın zamanı tüstülənmənin qarşısı alınan pilləkən qəfəslərindən istifadə olunmamasıdır. Yaxud, liftin biri qoyulub, ikisi qoyulmayıb və s. Bunların aradan qaldırılması prinsipcə mümkündür. Lakin aradan qaldırılması mümkün olmayan problemlər olanda, həmin binanın sökülməsi məsələsi ortaya çıxır.

– Sovet dövründə paytaxtda tikilmiş binalar artıq bir dəfə güclü zəlzələ görüblər. Növbəti dəfə belə bir zəlzələ olsa, həmin binalar sınaqdan keçə biləcəkmi? Bu binaların vəziyyətini necə qiymətləndirirsiniz?

– Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir. Bu gün biz Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırıq. Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir.

– Türkiyədə baş verən zəlzələdə binalar bütövlükdə yerlə-yeksan olur. Buna səbəb kimi tikinti materiallarının keyfiyyətsiz olması əsas gətirilir. Azərbaycanda bununla bağlı vəziyyət necədir? Binaların tikintisində istifadə olunan materialların tərkibi standartlara cavab verir, ya yox? Buna nəzarət edilirmi?

– Tikinti materialları bizim Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutumuz tərəfindən yoxlanılır. Tikinti meydançasına daxil olan hər betonqarışdıran maşından nümunələr götürülərək təhlil edilir. Həmçinin armatur materialının keyfiyyəti, markaya uyğunluq məsələləri yoxlanılır. Bundan başqa, gətirilən liftlərin, qapı-pəncərə, santexnik materiallarının və s. hamısının sertifikata uyğunluğu tikinti müfəttişliyi tərəfindən təhlil edilir və bundan sonra istifadəsinə icazə verilir.

– İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri də seysmik aktiv ərazilər hesab olunur. Həmin ərazilərdə aparılan tikinti işlərinə dövlət nəzarəti necə təmin olunur?

– Bakının mərkəzində tikintiyə dövlət nəzarəti hansı səviyyədə həyata keçirilirsə, işğaldan azad olunmuş ərazilərimizdə də o şəkildə nəzarət həyata keçirilir. Artıq Qarabağ zonasında tələbata uyğun olaraq bütün mütəxəssislərimiz yerləşdirilib. Şuşada bizim Sadıq Dadaşov adına Elmi Tədqiqat İnstitutunun laboratoriyasını açmışıq. O ərazidə aparılan tikinti işlərinin və tikinti materiallarının keyfiyyətinə tam nəzarət edilir. Dediyim kimi, bizim üçün tikintinin Bakı şəhərinin mərkəzində və ya kənarında, yaxud respublikanın digər yerlərində aparılmasının heç bir fərqi yoxdur. Nəzarət tam olaraq həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər