Bu ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 138 ölkə arasında 32.06 MB/S sürətlə 64-cü yerdə qərarlaşıb.
Bu barədə “Speedtest Global Index”in məlumatında bildirilir.
Məlumata görə, Azərbaycan ötən ilin dekabr ayına nisbətən 3 pillə geriləyib.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ, 161.15 MB/S), sonuncu – 138-ci yeri isə Kuba (4.13 MB/S) tutub.
Ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 2 pillə geriləməkdir. Yanvarda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26.25 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı araşdırma 179 ölkədə aparılıb. Birinci yeri Sinqapur (234.55 MB/S), sonuncu yeri isə Kuba (1.84 MB/S) tutub.
Bundan başqa, yanvarda Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 35.08 MB/S sürətlə 172 şəhər arasında 77-ci yerə sahiblik edib. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29.07 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da 1 pillə irəliləməkdir.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 204.37 MB/S sürətlə BƏƏ-nin Dubay şəhəri, sonuncu yeri isə 3.55 MB/S sürətlə Kubanın paytaxtı Havana tutub.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 194 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 277.57 MB/S sürətlə liderlik edib. Suriyanın Hələb şəhəri isə 1.57 MB/S sürətlə sonuncu olub.