Çinin “China Renaissance” investisiya bankının səhmləri dərhal 50% ucuzlaşaraq 5 Honkonq dollarına (0.64 ABŞ dolları) düşüb. Bakı vaxtı ilə saat 11:26-da 28.8% eniş qeydə alınıb və kotirovkalar 7.12 Honkonq dollarına (0.91 ABŞ dolları) qədər bərpa olub.
Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.
“China Renaissance” bankının yaradıcısının yoxa çıxması barədə birjanın saytında fevralın 16-da axşam saatlarında məlumat yayılıb. Çin lideri Si Tsinpinin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra aktı-korrupsiya kampaniyasına başlamasından bəri itkin düşdüyü bildirilən bir çox çinli sahibkar var.
Əvvəllər “Morgan Stanley” və “Credit Suisse”də işləmiş Bao Fan 2005-ci ildə “China Renaissance” bankını qurub, 2018-ci ildə isə investorlardan 346 milyon dollar cəlb edərək birjaya çıxıb. Sahibkar Çinin ən yaxşı əlaqələri olan bankirlərindən biri kimi tanınır.
“Forbes” qeyd edir ki, 2022-ci ildə Pekinin internet sektoruna təzyiqləri səbəbindən şirkətin biznesi zərər görüb. Maliyyə hesabatlarına görə, 2022-ci ilin birinci yarısında holdinqin gəliri 40% azalaraq 87.8 milyon dollar təşkil edib.