Yaşıl Kart Sistemi çərçivəsində ötən 22 187 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 3.018.594 manat sığorta haqqı toplanıb.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Məlumata görə, 2021-ci illə müqayisədə ötən il sığorta müqavilələrinin sayında 37%, sığorta haqlarında isə 25% artım olub.
Ötən il, Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 136 manat olub. 2021-ci ildə isə bu rəqəm 150 manat təşkil edib.
2021-ci il ərzində ölkə xaricində baş vermiş 233 yol-nəqliyyat hadisəsinə görə 712.397 manat, 2022-ci ilin müvafiq dövründə isə 291 yol-nəqliyyat hadisəsinə görə 910.421 manat sığorta ödənişi həyata keçirilib. Beləliklə, sığorta ödənişlərinin həcmində 28%, sayında isə 25% artım müşahidə edilib. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 3.057 manat, 2022-ci il ərzində isə 3.128 manat təşkil edib. 2021 və 2022-ci illər ərzində hadisələrin baş verdiyi ölkələr əsasən Rusiya və Türkiyə olub. Rusiyada baş verən hadisələr üzrə 2021-ci ildə verilmiş orta sığorta ödənişləri 2.869 manat, 2022-ci ildə isə 3.509 manat təşkil etməklə təxminən 22% artıb.
2021- 2022-ci illərdə xarici ölkələrdə baş vermiş hadisələr üzrə ümumi zərərlilik nisbətlərində fərqlilik müşahidə olunıb. Belə ki, 2021-ci ildə toplanan sığorta haqlarının 29%-i həcmində sığorta ödənişi verilib, 2022-ci ildə isə bu rəqəm 30% təşkil edib.
Beynəlxalq Yaşıl Kart Sisteminə üzv və xaricdə qeydiyyata alınmış nəqliyyat vasitələrinin 2021-ci il ərzində ölkə daxilində törətdikləri 47 yol-nəqliyyat hadisəsinə görə 100.139,92 manat, 2022-ci ilin müvafiq dövründə isə 57 yol-nəqliyyat hadisəsinə görə 139.947,25 manat sığorta ödənişi həyata keçirilib. 2021-ci il ərzində bir hadisə üzrə orta sığorta ödənişi 2.130 manat, 2022-ci il ərzində isə 2.455 manat təşkil edib. Başqa sözlə, orta sığorta ödənişi 15% artıb.