ABŞ və onun REPO (Russian Elites, Proxies and Oligarchs – sanksiyalar əsasında Rusiya ilə əlaqəli əmlakın axtarışı və müsadirəsi ilə məşğul olan Qərbin çoxtərəfli qurumu) beynəlxalq işçi qrupundakı müttəfiqləri ötən il ərzində Rusiya vətəndaşlarının 58 milyard dollardan çox məbləğdə aktivlərini dondurub.
Bu barədə cümə axşamı ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı qrup nümayəndələrinin birgə bəyanatında deyilir.
Sənəddə göstərilir ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından bir il sonra işçi qrupu çoxtərəfli koordinasiya ilə sanksiyalara məruz qalan rusiyalılara görünməmiş təzyiq göstərib. “REPO işçi qrupunun üzvləri sanksiyaya məruz qalan rusiyalıların 58 milyard dollardan çox aktivlərini müvəffəqiyyətlə bloklayıb və ya dondurub, bütün dünyada sanksiyaya məruz qalan Rusiya aktivlərini izləyib və sanksiyaya məruz qalan rusiyalıların beynəlxalq maliyyə sisteminə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb”, – bəyanatda deyilir.
Sənəddə qeyd edilir ki, söhbət həmçinin lüks daşınmaz əmlakın, yaxtaların, təyyarələrin və digər əmlakın müsadirəsi və ya həbsindən gedir. Qrupun nümayəndələri vurğulayıblar ki, il ərzində onlar sanksiyaya məruz qalan Rusiya aktivlərindən ilk müsadirəni həyata keçiriblər və bu da Ukraynaya 5.4 milyon dollar xarici yardım köçürülməsinə imkan verib.