Prezident İlham Əliyev XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb.
Banker.az xəbər verir ki, müraciətdə deyilir:
“Hörmətli sammit iştirakçıları,
Sizi “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən XXVI Avrasiya İqtisadi Zirvə Toplantısı münasibətilə
səmimi-qəlbdən salamlayıram.
Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, Azərbaycan xalqının və dövlətinin hər zaman olduğu kimi bu ağır günlərdə də qardaş Türkiyənin yanında, bir ürək, bir yumruq kimi birləşdiyini bildirirəm. İlk gündən bütün səviyyələrdə Türkiyə ətrafında səfərbər olan, yüksək həmrəylik nümayiş etdirən Azərbaycan fəlakətin nəticələrinin aradan qaldırılması prosesinə bundan sonra da dəstəyini göstərəcəkdir. Güclü və qüdrətli Türkiyənin bu çətinliklərin də öhdəsindən mətinliklə gələcəyinə əminəm.
İnsan iradəsindən kənar baş verən təbii fəlakətlər fərdlərin, xalqların, dövlətlərin bir-birinin dəstəyinə, həmrəyliyinə nə qədər ehtiyacı olduğunu bir daha nümayiş etdirir. Bu baxımdan “Güvənsizliyi bitir, işbirliyinə başla!” devizi altında keçirilən builki Avrasiya İqtisadi Zirvə Toplantısının mühüm rəmzi mənası vardır.
Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalmışdır. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir. Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan və Türkiyə iki qardaş ölkə və strateji müttəfiqlər kimi regionda yeni tarixi reallıqlar yaradır, birgə qərarlar, müştərək qlobal layihələr vasitəsilə Avrasiya məkanında sülhə, təhlükəsizliyə, əməkdaşlığa davamlı töhfələr verir. Azərbaycan-Türkiyə birliyinin gücü bölgədə ədalətli sülhün qarantıdır. Ölkələrimiz eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan etibarlı tərəfdaşlardır.
2023-cü il Azərbaycan-Türkiyə sarsılmaz birliyinin tarixində Türkiyə Respublikasının yaradılmasının və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlamətdardır. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət iki dövlət” fəlsəfələri əsasında qurulmuş dövlətlərarası münasibətlərimiz bu gün bütün dünya üçün örnəkdir.
Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi və iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir.
İnanıram ki, bu mötəbər tədbir çərçivəsində aparacağınız müzakirələr böyük bir сoğrafiyanı əhatə edən ölkələr arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi, bəşəriyyətin rifahı naminə yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün faydalı olacaqdır.
Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.