İspaniya parlamentinin aşağı palatasının ultrasağçı “Vox” (“Səs”) partiyasından olan bir qrup deputat Avropa İttifaqı ilə Rusiya arasında ticarət əlaqələrinin tamamilə dayandırılması üçün ölkə hökumətinə müraciət edib.
Parlamentarilər müraciətlərində İspaniya hökumətinin daha əvvəl verdiyi bəyanata istinad edirlər.
Belə ki, 9 sentyabr 2022-ci ildə hökumət İspaniya Bankının araşdırmasına istinad edərək bildirib ki, hesablamalara görə, Rusiya ilə Aİ arasında ticarət tamamilə dayandırılarsa, İspaniyanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz azala bilər. Üstəlik, bankın fikrincə, İspaniyanın Rusiya enerjisindən asılılığı digər Avropa ölkələri ilə müqayisədə xeyli azdır və buna görə də araşdırmaya görə, İspaniya üçün Rusiya ilə ticarətdən tamamilə çıxmaq nisbətən az ağrılı olardı.
Bundan əvvəl İspaniyanın energetika naziri Teresa Ribera xaricdən yanacaq alan bütün şirkətlərə məktub göndərərək, onları Rusiya ilə yeni müqavilələrdən imtina etməyə çağırıb. Məktubda spot müqavilələr açıq şəkildə qeyd edilmir, lakin mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün diversifikasiyasını gücləndirmək və Rusiyadan idxalı dayandırmaq üçün ümumi çağırış var.