İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə müraciət daxil olub.
Bu barədə Banker.azda dövlət xidmətindən bildirilir.
Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra bazar subyektlərinin “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə etmələrinə dair hallar aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, “Xırdalan” əmtəə nişanı kimi “Carlsberg Azerbaijan” MMC adından ölkə ərazisində müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanı Azərbaycan Respublikasında qanunvericiliklə qorunur və ondan yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.
Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.