Bu ilin yanvar-fevral aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 8,9%-i aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçib.
Bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib: “Bu ayın 30-na olan məlumata görə, yeni ilimizin üç ayı ərzində abonentlərin 8,9%-i 1200-lük limiti keçib”.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.