“General Motors” korporasiyasının 5 min ofis işçisi xərclərin azaldılması proqramı çərçivəsində şirkətdən ayrılmağa razılaşıb. Yanvar ayında “GM” 2024-cü ilə qədər xərcləri 2 milyard dollar azaltmağı planlaşdırdığını açıqlayıb.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Martın əvvəlində məlum olub ki, korporasiya 58 min ofis işçisinin “əksəriyyətinə” şirkətdən könüllü olaraq istefa verməyi təklif edib. “Könüllü” ixtisarları təşviq etmək üçün şirkət işçilərə kifayət qədər əhəmiyyətli ödənişlər, o cümlədən şirkətdə işlədiyi hər il üçün aylıq əməkhaqqı (12 maaşa qədər) və bonus vəd edib. İndi 5000 nəfərin bu təkliflə razılaşdığı bildirilir.
“GM”in baş maliyyə direktoru Paul Jacobson deyib ki, işdən çıxmaq istəyini bildirən işçilərin sayı şirkətin gözləntilərinə uyğundur, ona görə də indi o, məcburi ixtisarlar aparmaq məcburiyyətində qalmayacaq. Cənab Jacobson əlavə edib ki, işdən çıxarılma “GM”in xərclərini 1 milyard dollar azaltmağa kömək edəcək. Çərşənbə günü “GM” səhmləri 2.8% ucuzlaşıb.