Aprelin 7 və 8-ində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.
Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.
C.Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.
Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.