“Bilgə Qrup” QSC 2025-ci ili 27,3 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ildəki 1,65 milyon manatla müqayisədə 98,3% azdır.
Banker.az xəbər verir ki, şirkətin gəlirləri 2025-ci ildə 82% azalaraq 26,38 milyon manatdan 4,76 milyon manata düşüb. Satışların və xidmətlərin maya dəyəri 95,4% azalaraq 119 min manat, ümumi mənfəət isə 80,5% azalaraq 4,64 milyon manat olub. İnzibati və digər əməliyyat xərcləri 78,8% azalaraq 4,61 milyon manata düşüb. Əməliyyat mənfəəti 98,3% azalaraq 34,1 min manat təşkil edib.
“Bilgə Qrup”un aktivləri ilin sonunda 3,09 milyon manat olub ki, bu da illik 45,8% artım deməkdir. Öhdəliklər 533,1% artaraq 2,07 milyon manata yüksəlib, kapital isə 42,8% azalaraq 1,03 milyon manata düşüb. Qısamüddətli debitor borcları 37% artaraq 1,06 milyon manat, ehtiyatlar 73,1% artaraq 241,4 min manat olub. Pul vəsaitləri isə 61,4% azalaraq 186,4 min manata düşüb.
Əməliyyat fəaliyyətindən yaranan xalis pul axını 78,4% artaraq 1,28 milyon manata çatıb. İnvestisiya fəaliyyətindən xalis pul çıxışı 541,2% artaraq 779,1 min manat, maliyyələşdirmə fəaliyyətindən xalis pul çıxışı isə 20,8% artaraq 795,9 min manat olub.
“Bilgə Qrup” QSC 1 oktyabr 2018-ci ildə yaradılıb. Şirkət maddi-texniki təchizat, İT və telekommunikasiya, tikinti-inşaat, abadlıq və biznes əmlakının icarəsi daxil olmaqla müxtəlif xidmət istiqamətlərində fəaliyyət göstərir. Şirkət son illərdə dövlət satınalmalarında, o cümlədən kommunal təsərrüfat, KOBİA və Dövlət Gömrük Komitəsinin iri sifarişlərində iştirak edib. Şirkətin nizamnamə kapitalı 2 min manatdır.







