Hesablama Palatası 2022-ci ildə aparılmış nəzarət tədbirləri üzrə 53.9 milyon manat dövlət vəsaitinin bərpa edilməsi ilə əlaqədar maliyyə xarakterli təkliflər irəli sürüb.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, keçən il pul, əvəzləşmə və natura ifadəsində bərpa edilmiş vəsait 28.4 milyon manat olub.
Eyni zamanda əvvəlki illərdə başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri üzrə qurumlar tərəfindən atılmış addımlar izlənilib. 2021-ci ilin İş Planına əsasən həyata keçirilmiş nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpası ilə bağlı təkliflər üzrə qalan 4.9 milyon manatın icrası davam etdirilib, 15 qurumdan daxil olan məlumata əsasən 2.1 milyon manat müvafiq büdcələrə köçürülüb. Belə ki, 2021-ci ilin İş Planı üzrə dövlət vəsaitinin bərpası ilə bağlı təkliflərin icrası Elm və Təhsil Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Energetika Nazirliyi, Milli Antidopinq Agentliyi tərəfindən tam yekunlaşdırılıb. Əvvəlki il üzrə bərpası təmin edilməyən məbləğin (qalıq 2.8 milyon manatın) əhəmiyyətli hissəsi “BakuBus” MMC, Dənizkənarı Bulvar İdarəsi, Meşələrin İnkişafı Xidməti, Bakı Nəqliyyat Agentliyi üzrə aparılan nəzarət tədbirlərinin kollegiya qərarları üzrə formalaşıb.
Əvvəlki ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 869 milyon manat əhəmiyyətli təhriflərin 747.2 milyon manatı üzrə müvafiq düzəlişlər edilib.
Bundan əlavə, 2021-ci ildən əvvəlki illərin İş planları üzrə daha 3.9 milyon manatın müvafiq büdcələrə bərpası təmin edilib.